Sahib Məmmədov: “Hədəf A Liqasına vəsiqə qazanmaqdır”

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının birinci seçmə mərhələsi (EBSL) çərçivəsində İspaniyada keçirilmiş oyunları dəyərləndirib:

“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qalib gəldik və superfinala vəsiqə qazandıq. Bununla da əsas vəzifənin öhdəsindən gəldik. Litva ilə görüşdəki nəticəni yorğunluqla əlaqələndirərdim. Çünki İngiltərə ilə ilk qarşılaşmada çox güc sərf etməli olmuşduq. Onsuz da, Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi. Bundan sonrakı hədəfimiz isə sentyabrda İtaliyada təşkil olunacaq Avropa superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”, deyə Sahib Məmmədov komandasının iddiasını ortaya qoyub.

Qeyd edək ki, B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn millimiz Litvaya (3:4) məğlub olub. 5 xalla qrupu ikinci pillədə başa vuran komandamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək superfinala vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: