Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.
Arena.az xəbər verir ki, 27 yaşlı qolkiper bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində baş tutan “Zirə” ilə oyunun ilk hissəsində sıradan çıxıb.
Sağ bud nahiyyəsindən zədələnən Məhəmmədəliyev oyunu davam etdirə bilməyib. O, meydanı göz yaşları içində tərk edib. Məşqçilər korpusu Şahruddinin əvəzində Emil Balayevi meydana buraxıblar.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə səfər matçında (1:1) da başından ağır xəsarət almışdı. Həmin oyunun da əvvəlində sıradan çıxan futbolçu dərhal xəstəxanaya aparılmış və onun başına 25 tikiş atılmışdı.


