İspaniya yığmasının və “Barselona”nın futbolçusu Salma Paralyuelo 2023-cü ildə dünyanın ən yaxşı gənc qadın oyunçusu elan edilib.
Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2023-cü il “Dünyanın ən yaxşı gənc qadın oyunçusu” mükafatının qalibini elan edib.
IFFHS U-20 sinfi üzrə 2023-cü ildə “Dünyanın ən yaxşı gənc qadın oyunçusu” (Women’s World Best Youth (U-20) Player 2023) mükafatına ispan futbolçu Salma Paralyuelonu layiq görüb.
Salma səsvermə zamanı 191 xal toplayıb. Bu təqdimatda 2-ci yeri 137 xalla Kolumbiya yığmasının və “Real”ın futbolçusu Linda Kaysedo tutub. Əsas mübarizə elə, bu iki xanım arasında gedib. Onlar digər namizədləri nəhəng fərqlə üstələyiblər. 3-cü yeri isə 31 xalla “Mançester Siti”nin və Avstraliya yığmasının futbolçusu Meri Fauler tutub.
Salma bu il qadınlar arasında keçirilmiş FIFA Dünya Kubokunda İspaniya yığmasının yarımfinala və finala çıxmasında böyük pay sahibi olub. Çərək finalda məhz Salmanın vurduğu qol sayəsində ispan xanım futbolçular Niderlanddan olan həmkarlarını üstələyə biliblər 2:1. Daha sonra, yarımfinal oyununda İsveçə yığması ilə oyunda (2:1) da Salma fərqlənib. Finalda İspaniya yığması İngiltərə komandasını 1:0 hesabı ilə məğlub edərək çempion adını qazanıb.
Salma Paralyuelo həmçinin U-17 yığması ilə Avropa çempionatının və dünya çempionatının qalibi olub.
2022-ci ilin yayında “Barselona”ya qoşulan Paralluelo artıq 2023-cü ildə La Liqanın və Çempionlar Liqasının qalibi olub, “Barselona” və İspaniya yığmasının heyətində bu il bütün yarışlarda 29 qol vurub.


