“Sabah”ın qapıçısı Saşa Stamenkoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq Azərbaycan – Serbiya matçı öncəsi fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Serbiyadan olan qolkiper ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Həftədə üç oyun keçirmək çətindir. Bu səbəbdən, nəticə barədə proqnoz vermək düzgün olmaz. Əlbəttə, mənim istəyimdən xəbərdarsınız, lakin Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi komandanı taktiki cəhətdən kökləmək üçün bütün qüvvəsini sərf edəcək”.
36 yaşlı qolkiper Azərbaycan yığmasının Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu matçdakı strategiya ilə Serbiya önünə çıxacağına əmin olduğunu bildirib: “Bir çox yığmalarda ilk 15-20 dəqiqə ərzində problem olur. Bu, oyunun vacib periodu sayılır. Millinin heyətində mənim çıxış etdiyim klubdan 6 oyunçu var. Həm onlar, həm də digərləri üçün Serbiyaya qarşı yaxşı oynamaq və bununla da ilk iki oyundakı məğlubiyyətin günahını yumaq çox vacibdir”.
Saşa Stamenkoviç Serbiyanın ilk iki turda yaxşı nəticəyə nail olduğunu sözlərinə əlavə edib: “Bundan əlavə baş məşqçi Draqan Stoykoviçin seçimlərini nəzərə alsaq, komanda oyunları yüksək səviyyədə keçirib. Yığmanın komanda oyunu sərgiləməsini çox bəyənirəm. Uzun müddətdən sonra heyətdə təkcə 11 futbolçu yox, ehtiyatda heç də az əhəmiyyət daşımayan oyunçular yer alıb. Bütün oyunçular özlərini komandaya tabe ediblər və nəticəyə görə onlardan hansınısa fərqləndirmək ədalətsiz olar”.
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək.


