“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasında “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Türkiyə nəhənginin təcrübəli çalışdırıcısı yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Neftçi” texnikalı və yaxşı komandadır. Rənglərimiz də eynidir. Rəqibin gözəl stadionu var. Onlar bizə, biz də onlara yad deyilik. Bu qarşılaşmalar hər iki komanda üçün faydalı olacaq. Mərhələni keçmək istəyirik. Komandamı buna uyğun hazırlayıram”.
Şenol Günəş iki aparıcı futbolçu – Cenk Tosun və Rəşid Gezzalın durumuna da aydınlıq gətirib. 71 yaşlı mütəxəssis bu futbolçuların Bakıdakı oyunda “Neftçi”yə qarşı oynamayacağını söyləyib:
“Cenk Tosun ağır zədədən qayıdıb. Vəziyyəti normaldır. Amma “Neftçi” ilə qarşılaşmada iştirakı çətin görünür. Risk edə bilmərəm. Amma cavab matçında və çempionat qarşılaşmasında oynaya bilər. Rəşid Gezzal isə fərdi məşqlərini davam etdirir. Bu həftədən komanda ilə hazırlığa başlayacağı gözlənilir”.
Yeni transfer Ante Rebiçin Bakı klubuna qarşı oynamaq şanslarını da dəyərləndirən təcrübəli çalışdırıcı Xorvatiyadan olan hücumameyilli yarımmüdafiəçiyə şans verə biləcəyini istisna etməyib: “Fərdi məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Komanda ilə hazırlıq keçmədiyi üçün müəyyən çatışmazlıqları var. Artıq bizimlə məşlərə başlayıb. Güc baxımından axsayırdı. Oynamağa tam hazır deyil. “Neftçi” ilə görüşdə meydana sonradan daxil olması daha düzgün olar. Amma onunla bağlı qərarımı iki gündən sonra verəcəyəm. Çünki çox çalışır”.
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da Bakıdakı “Neftçi Arena”da baş tutacaq. Bu oyuna saat 21:00-da start veriləcək. Cavab görüşü isə avqustun 17-də İstanbulda keçiriləcək. “Beşiktaş”ın stadionunda baş tutacaq oyuna da saat 21:00-da start veriləcək.
“Neftçi” – “Beşiktaş” cütünün qalibi Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


