Serbiya yığması millimizlə oyuna ciddi itkilərlə çıxacaq – start heyət bəllidir

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının qonağı olacaq Serbiya yığması dünəndən Bakıdadır.

Arena.az xəbər verir ki, millimizin rəqibi Azərbaycana itkilərlə gəlib.

Serbiya Futbol İttifaqının rəsmi saytının yaydığı məlumata görə, Almaniyanın “Verder” klubunda çıxış edən müdafiəçi Miloş Velkoviç, Rusiya təmsilçisi “Rubin”in hücumçusu Corce Despotoviç zədə səbəbindən yığmadan ayrılıb. İtaliyanın “Fiorentina” klubunun müdafiəçisi Nikola Milenkoviç isə Portuqaliya ilə matçda (2:2) qırmızı vərəqə aldığı üçün cəzalı vəziyyətə düşüb və bu üzdən Bakıya gətirilməyib.

Bu üzdən Serbiya yığmasının Azərbaycan millisi ilə oyunda meydana buraxılacaq start heyətində bəzi sürprizlər gözlənilir. Serbiya mətbuatı baş məşqçi Draqan Stoykoviçin son oyunlarla müqayisədə Bakıda meydana fərqli start heyətə güvənəcəyini yazıb.

Serb həmkarlarımız komandanın müdafiə xəttində ciddi problemlər olduğunu yazır. Onların fikrincə, İrlandiya (3:2) və Portuqaliya (2:2) ilə oyunlarda buraxılan 4 qol bu komandanın arxa xəttindəki problemlərin əsas göstəricisi sayıla bilər. Üstəlik, Kristiano Ronaldonun vurduğu, lakin hakimlərin saymadığı qol da diqqətdən kənarda qalmamalıdır. Bu azmış kimi, Nikola Milenkoviçin cəzalı duruma düşməsi də millimizin rəqibində işləri çətinləşdirib.

Bu üzdən Stoykoviçin həm müdafiədə, həm də qapı xəttində dəyişiklərə əl atacağı istisna olunmur. Məsələn, Portuqaliya ilə bərbad çıxışı ilə seçilən qapıçı Marko Dmitroviçin ehtiyatda qalması, onu Predraq Raykoviçin əvəz etməsi gözlənilir.

Baş məşqçinin Bakıda 4-4-2 taktikasından yararlanacağı ehtimal edilir. Belə olan halda müdafiənin cinahlarında Filip Mladenoviçlə Milan Qayiç çıxış edəcək, mərkəzdə isə Stefan Mitroviçlə yanaşı Strahinya Pavloviç mübarizə aparacaq.

Yarımmüdafiənin cinahlarında Filip Kostiçlə Nemanya Radonyiçin yer alması gözlənilir. Kapitan Duşan Tadiçlə Sergey-Milinkoviç Saviç ənənəvi olaraq orta xəttdə mübarizə aparacaq. Hücumda isə baş məşqçi Duşan Vlahoviç və Aleksandar Mitroviçə güvənəcək.

Serbiya yığması böyük ehtimalla Bakıda bu heyətlə oynayacaq: Predraq Raykoviç – Milan Qayiç, Stefan Mitroviç, Strahinya Pavloviç, Filip Mladenoviç – Sergey Milinkoviç-Saviç, Nemanya Radonyiç, Filip Kostiç, Duşan Tadiç – Duşan Vlahoviç, Aleksandr Mitroviç.

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək. Millimiz ilk matçında Portuqaliyaya 0:1 hesabıyla uduzub.

Xəbəri sosial şəbəkələrdə paylaş: