Rusiyanın “KamAZ” klubunun qapıçısı Sergey Samok bundan sonra Azərbaycan təmsilçisi “Turan Tovuz”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAZ”ın şərəfini qorumuş 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının da formasını geyinib.
Bu ilin yanvarında “KamAZ”a keçən Sergey Samok sözügedən komandanın heyətində 9 oyuna 8 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, bu, “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin Rusiyadan özü ilə Azərbaycana gətirdiyi ikinci qapıçıdır. Tovuz klubu ötən gün “Baltika”nın qapıçısı İvan Konovalovla da yeni müqavilə imzalandığını açıqlamışdı. “Araz-Naxçıvan”dan ayrılan Tural Bayramlını heyətinə qatmış “Turan Tovuz” ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımovu da geri qaytarıb. Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con və Faiq Hacıyevlə də yeni müqavilə imzalanıb. Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”), Aydın Bayramov (“Zirə”) və Belaydi Pusi (“Şamaxı”) isə komandanı tərk ediblər.


