Sezar Meza Kolli “Neftçi”ni bu kluba dəyişdi

İyulun 22-də “Neftçi”dən ayrıldığı açıqlanan Sezar Meza Kolli bundan sonrakı karyerasını Səudiyyə Ərəbistanına davam etdirəcək.

Arena.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu ölkənin “Ohod” klubuna transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mədinə təmsilçisi Səudiyyə Ərəbistanının səviyyəcə 2-ci liqasında mübarizə aparır. Komandanın baş məşqçi postu isə “Qarabağ”ın sabiq futbolçusu Zəkəriyyə Ramadaniyə tapşırılıb. Ramadaninin köməkçilərindən biri də Ağdam təmsilçisinin formasını geyinmiş Sedat Sainidir.

Xatırladaq ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb. 31 yaşlı paraqvaylı futbolçu bu oyunlarda 6 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Sezar Meza Kolli daha öncə Azərbaycanda “İnter” (indiki “Şamaxı”) və “Zirə”nin də formasını geyinib. O, “Çezena”, “Alaves”, “Paviya”, “Universitatya” (Krayova) kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: