Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Zirə” 2 futbolçusu – Sezar Meza Kolli və İlkin Muradovla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İlkin Muradov və Sezar Meza Kolliylə klub arasında imzalanmış müqavilələrin müddəti başa çatıb. “Zirə” PFK hər iki futbolçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
İlkin Muradov “Zirə”nin öz yetirməsidir. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi paytaxt klubunun heyətində 156 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
“Səbail”də də oynamış Muradov Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Sezar Meza Kolli isə bu ilin mart ayında “Zirə”yə qoşulmuşdu. 32 yaşlı paraqvaylı yarımmüdafiəçi 2016/2017 mövsümündə də “Zirə”nin şərəfini qoruyub. Həmin vaxt o, bu komandada 20 oyuna çıxıb, 4 qol vurmuşdu. Geridə qalmış mövsümdə isə təcrübəli futbolçu 10 oyunda 2 qolla yadda qalıb.
Meza Kolli Azərbaycanda “Keşlə” və “Neftçi” klublarının da formasını geyinib. O, İtaliyanın “Çezena”, “Paviya”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversidad Krayova”, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.
Bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə” daha öncə ukraynalı hücumçusu Vladislav Kulaçla da yollarını ayırmışdı.
“Şamaxı”dan Fuad Bayramovu birdəfəlik transfer etmiş paytaxt klubu Aydın Bayramovla (“Turan Tovuz”) Elçin Əlicanovu (“Kəpəz”) da heyətinə qatıb. Qismət Alıyev və Anar Nəzirovla isə yeni müqavilə imzalanıb.


