“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında (ÇL) “Atletiko”ya qarşı keçirəcəkləri ilk oyundan gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, İtaliya nəhəngi ÇL-in 1/8 final mərhələsində Madrid “Atletiko”su ilə qarşılaşacaq.
Bu komandalar arasındakı ilk oyun Milanda baş tutacaq. “Neradzurri”nin çalışdırıcısı matçdan öncəki mətbuat konfransında komandasının Avropanın ən nüfuzlu klub turnirində ötənilki uğurunu təkrarlamaq istədiyini vurğulayıb:
“Simeone (“Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni nəzərdə tutur – red.) əla komanda yoldaşı idi. Birlikdə qalib gəlirdik, sonra İspaniyaya qayıtdı, amma bir-birimizi heç vaxt nəzərdən qaçırmamışıq. “Atletiko” ilə 13 illik əməkdaşlıq etdiyi müddətdə Dieqo çoxlu qələbələr qazanıb və komandaya çox yaxşı oyun aşılayıb.
Son Çempionlar Liqasında qazandığımız uğurları xatırlayırıq. Futbolçular həmin nəticələri təkrarlamaq istərdilər, amma biz bilirik ki, burada çox güclü komandalar var. Hətta sabah axşam çox çətin rəqiblə qarşılaşmalı olacağıq. Biz “İnter”in ən yaxşı seçimini göstərməliyik”, deyə italyan mütəxəssis bildirib.
Simone İnzaqi həmçinin “İnter”i “Atletiko” ilə cütün favoriti saymadığını da vurğulayıb:
“Biz favorit deyilik. “Atletiko” bu mövsüm çox gözəl oyunlar keçirib. Bu, üstün olmaq istəyən və dəqiq prinsipləri olan iki komanda arasında böyük toqquşma olacaq. Bu, çox çətin oyun olacaq. Uşaqlar bunu bilirlər”, – “Mundo Deportivo” İnzaqidən sitat gətirir.
Bu gecə keçiriləcək “İnter” – “Atletiko” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Xatırladaq ki, ötən mövsüm “İnter” Çempionlar Liqasının finalına yüksəlmişdi. İtaliya təmsilçisi burada taktiki cəhətddən savadlı oyunu ilə “Mançester Siti”yə əsl başağrısı yaşatsa da, minimal hesabla məğlub olmuşdu – 0:1.


