Simone İnzaqi rəsmən “Əl-Hilal”da!

Ötən gün İtaliya nəhəngi “İnter”dən ayrılmış 49 yaşlı italyan mütəxəssis Simone İnzaqi bundan sonra “Əl-Hilal”ı çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.

“İtaliyalı dahi buradadır. Simone İnzaqi, xoş gəldin!”, – deyə açıqlamada bildirilib. 49 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. İtalyan mütəxəssisin Səudiyyə Ərəbistanında ilinə 25 milyon avro qazanacağı bildirilib.

Xatırladaq ki, Simone İnzaqi 2021-ci ilin iyun ayından “İnter”ə rəhbərlik edirdi. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma klub rəhbərliyi ötən gün 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlamışdı.

İnzaqinin “İnter”lə macərası rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 217 oyun, 141 qələbə, 41 heç-heçə, 35 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 427:192 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb. Həmçinin İnzaqinin “İnter”i 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində Çempionlar Liqasının finalına yüksəlib, burada müvafiq olaraq “Mançester Siti”yə (0:1) və PSJ-yə (0:5) məğlub olub.

Xatırladaq ki, Simone İnzaqi “İnter”dən öncə 2016-2021-ci illər aralığında “Latsio”nu çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: