“Turan Tovuz”un müdafiəçisi Siyanda Xulu və “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdell Afrikada yenidən bir-birinə rəqib olublar. Arena.az xəbər verir ki, onların ölkələrinin yığma komandaları Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti dəfə üz-üzə gəliblər.
Belə ki, Siyanda Xulunun heyətində yer aldığı Cənubi Afrika millisi bu dəfə rəqib meydanında Terrens Tisdellin formasını geyindiyi Liberiya yığması ilə qarşılaşıb. Monroviya şəhərindəki SKD stadionunda baş tutan qarşılaşmada qapılara 3 top vurulub. Görüşdə hesabı 19-cu dəqiqədə Siyandanın komandası açıb. Lakin meydan sahibləri 35-ci dəqiqədə hesaba tarazlıq gətirə biliblər. Cənubi afrikalılar 53-cü dəqiqədə daha bir qol vurmaqla səfərdə vacib qələbəyə seviniblər.
Azərbaycan Premyer Liqasının iştirakçısı olan futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıb. Terrens isə fasilədə əvəzlənib.
Xatırladaq ki, bu komandalar martın 24-də Yohannseburq şəhərində də üz-üzə gəlmişdilər və qalib müəyyənləşməmişdi – 2:2. Siyanda (90 dəqiqə) ilə Tisdell (68 dəqiqə) həmin matçın da iştirakçısı olmuşdular.
Üç turdan sonra Cənubi Afrika yığması yer aldığı K qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb. Hər iki komandanı məğlub etmiş Mərakeş yığması isə 6 xalla qrup lideridir.
Xatırladaq ki, Siyanda Xulu 2012-ci ildən Cənubi Afrika millisinə çağırılır. O, millidə 20 oyuna çıxıb və 1 qol vurub. Təcrübəli futbolçu “Turan Tovuz”a 2022-ci ilin avqust ayında qoşulub. O, Premyer Liqa təmsilçisinin heyətində 20 matça çıxıb.
Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlamış afrikalı futbolçu daha sonra Rusiyada “Rostov”un formasını geyinib. “Kayzer Çifs” və “Maritzburq Yunayted”də də oynamış mərkəz müdafiəçisi “Turan Tovuz”dan öncə İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub.
Terrens Tisdell isə 2019-cu ildən Liberiya millisində forma geyinir. O, millidə 15 oyun keçirib, 1 qol vurub. Yarımmüdafiəçi bu mövsümün əvvəlindən formasını geyindiyi “Sumqayıt”da da 9 oyunda 1 qola imza atıb. Futbolçu “Hapoel” (Petah Tikva), “Kocaelispor”, “Botoşani”, “Baroka” və “Kosta do Sol” kimi klubların da formasını geyinib.


