Siyasət Əsgərov: “Litvaya mütləq qalib gəlməliyik”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib:

“Sabah çox önəmli matça çıxacağıq. Son oyunlar öncəsi Monteneqro ilə qrup birinciliyi uğrunda mübarizə aparırıq. Mütləq qalib gəlməliyik. Bunu çox qol vuraraq əldə etsək, işimizə daha çox yarayar. Litva bizimlə oyundan sonra Monteneqro ilə qarşılaşacaq. Yəni Monteneqro son görüşdə onlara hansı nəticənin sərf edəcəyini bilərək meydana çıxacaq. Bu məqam Monteneqro yığmasına üstünlük gətirə bilər. Buna görə də, mümkün qədər çox qol vuraraq qələbə qazanmağa çalışacağıq.

Komandamız oyuna tam hazırdır. Qızlar matçın əhəmiyyətini dərk edirlər. Fürsətdən istifadə edərək, azarkeşləri tribunalara dəvət edirəm. Bakıda çıxış edəcəyik və bizim üçün çox vacib qarşılaşmadır. Azarkeş amili böyük rol oynaya bilər. Onların dəstəyi çox vacibdir. Azarkeşləri sabah tribunalarda görmək qızlara əlavə motivasiya verər”, deyə Siyasət Əsgərov bildirib.

Qeyd edək ki, mayın 30-da Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva matçına saat 18:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: