Azərbaycanlı mütəxəssis Siyasət Əsgərov “Neftçi” futbol klubunun qadınlardan ibarət komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
36 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
Xatırladaq ki, Siyasət Əsgərov həm də Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandasının baş məşqçisidir. O, bir müddət öncə Türkiyənin “Fomget” klubundan ayrılmışdı. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
“Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Super Liqasının son mövsümünün çempionu olub.
Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə yenidən MOİK-in əvəzedici heyətində baş məşqçi olub. 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçilik etmiş Əsgərov, 2013-cü ildən etibarən isə 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi fəaliyyət göstərib. 2018-ci ildən etibarən isə 36 yaşlı mütəxəssis Azərbaycanın əsas milli komandasına rəhbərlik edir.
Əsgərov “Neftçi” PFK ilə yanaşı eyni zamanda qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.


