Niderlandlı keçmiş yarımmüdafiəçi Uesli Sneyder gələcəkdə ən yaxşı futbol məşqçilərindən biri olacağını car çəkib.
Arena.az “А Spor” dərgisinə istinadən, keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Mənim məqsədim – “Qalatasaray”, “İnter” və “Ayaks” kimi komandaları çalışdırmaqdır. 10 ildən sonra mən dünyada ən yaxşı məşqçilərdən biri olacağam”.
Uesli Sneyder “Ayaks”ın məzunudur. Futbolçu ikən “Ayaks”, “Real”, “İnter”, “Qalatasaray”, “Nitsa” və “Əl-Ğarafa” (Qətər) klublarında çıxış etmiş Sneyder peşəkar karyerasına 2019-cu ildə xitam verib.
Sneyder 2003-cü ilin aprelində debüt etdiyi Niderland yığmasının heyətində 134 oyun keçirib, 31 qol və 32 məhsuldar ötürmə ilə fərqlənib.
Sneyder üçün 2009/2010-cu illər mövsümü çox uğurlu keçib. Həmin mövsümdə Sneyder çıxış etdiyi “İnter”lə İtaliya A Seriyasını, İtaliya Kubokunu və Çempionlar Liqasının qazanıb, həmçinin Niderland yığması ilə 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının finalına yüksəlib. Sneyder bütün bu yarışlarda özünü fərdi baxımdan ən yüksək səviyyədə göstərib, istər klubda, istərsə də yığmada aparıcı oyunçu olub.
Həmin mövsüm niderlandlı futbolçu həm oyun keyfiyyəti, həm məhsuldarlığı və həm də sabitliyi ilə seçilib. Buna rəğmən, Sneyder “Qızıl top”un yekun sıralamasında Lionel Messi, Andres İnyesta və Xavidən sonra 4-cü olub. Uesli özü “Qızıl top” mükafatının ondan “oğurlandığı” qənaətindədir və bu haqda daha əvvəl bəyan edib.


