“Sabah”ın yeni transferi, Mərakeşdən olan müdafiəçi Sofian Çakla paytaxt klubunun rəsmi saytına müsahibə verib.
Arena.az xəbər verir ki, mərkəz müdafiəçisi müsahibə zamanı “Sabah”dakı ilkin təəssüratlarından və hədəflərindən danışıb:
“Burada olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, birlikdə böyük uğurlara imza atacağıq. İlkin təəssüratlarım xoşdur. Burada biz ailə kimiyik. Öz aramızda bir-birimizə daim dəstək oluruq. Vahid məqsədimiz var: çox yaxşı mövsüm keçirərək hədəflərimizə çatmaq!
Hazırda yüksələn qrafiklə davam edirik. İlk yoxlama oyunumuzu bir, ikinci sınaq matçımızı isə iki həftəlik toplanışın ardından keçirdik. Tədricən irəliləyirik. Bu da bizim əsas hədəfimizdir. Hər gün bir az daha çox artırmalıyıq. Rəsmi oyunlar başladıqda isə ən yüksək formada olmalıyıq.
Mənim işim müdafiədir. Əsas məqsəd qapımızın toxunulmazlığını təmin etməkdir. Hər hansı standart vəziyyətdə qol vuraraq komandama kömək edə bilirəmsə, bu, mənim üçün çox xoşdur. Ümid edirəm ki, qolların davamı gələr. Ancaq əsas olan komandamızın uğurudur.
“Konfrans Liqası çox maraqlı turnirdir. Burada çox yaxşı hazırlıqlı komandalar çıxış edir. Bu turnirə çox yaxşı hazırlaşıb, əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox irəliləyək. Azarkeşlərimizə demək istərdim ki, bizə daim dəstək olsunlar. Avrokubok oyunlarından bizimlə birlikdə həzz alsınlar”.
Xatırladaq ki, Sofian Çakla “Sabah”a bu yay İspaniyanın “Ponferradina” komandasından gəlib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Çakla “Ponferradina”ya bu ilin yanvarında qoşulmuşdu. O, bu komandada cəmi 13 matça çıxıb. Müdafiəçi daha öncə İspaniyada “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeriya B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021) klublarında da forma geyinib. “Sabah”ın yeni transferi Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında da legioner həyatı yaşayıb. O, Mərakeş millisində 4 oyun keçirib.
Sofian “Sabah”da 44 nömrəli formanı geyinir. O, artıq yeni komandasının heyətində “Qəbələ” (2:2) və “Əl-Sədd”lə (3:1) yoxlama oyunlarında şans qazanıb. Futbolçu “Qəbələ” ilə matçda “Sabah”ın heyətində ilk qoluna da imza atıb.


