Stefan Saviç Markus Türamın qəribə hərəkətindən danışdı

Madrid “Atletiko”sunun monteneqrolu mərkəz müdafiəçisi Stefan Saviç Çempionlar Liqasında “İnter”lə oyunda yaşadığı qəribə məqamı şərh edib.

Arena.az məlumat verir ki, yarışın 1/8 finalının tərəflər arasında Madriddə keçirirmiş cavab oyununda “neradzurri”nin fransalı mərkəz hücumçusu Markus Türam Stefan Saviçə qarşı qeyri-adi hərəkəti ilə diqqət çəkib.

Türam oyun məqamlarının birində Saviçin paçasına əl ataraq, müdafiəçini xışlayıb. Saviç ağrılar içində yerə döşənib. Hakim “Paçasıxan” Türamın bu hərəkətini görməzdən gəlib, fransalı hücumçu heç sarı vərəqə də görməyib.

Stefan Saviç üzləşdiyi hoqqaya dair danışıb:

“Qəribə bir vəziyyət idi. Deyə bilərəm ki, belə şeylərə öyrəşməmişəm (gülür), amma eybi yoxdur, belə hallar olur. Qaydasındadır, hər şey yaxşıdır. Bundan sonra onunla danışıb güldük. Düzünü desəm, daha nə deyəcəyimi belə, bilmirəm. Bu, qəribə bir vəziyyətdir, amma o qədər də vacib deyil”, – “Mundo Deportivo” Saviçdən sitat gətirir.

Vurğulayaq ki, Saviçin özü də aqressivliyi ilə səciyyəvidir və belə bir halla üzləşməyi, buna qəzəblə qarşılıq vermədən sonradan gülüşlə qarşılaması qəribə təəssürat oyadır. Balkanlı futbolçunun Filip Fodeni meydanda sürüdüyünü, Cek Qrilişin saçlarını yolduğunu, Ferran Torresi mindiyini, hətta “Adamyeyən” Luis Suareslə kəllə-kəlləyə gəldiyini nəzər alsaq, Türama güzəştə getməsi ağlasığmazdır. Görünür, “Atletiko”nun “İnter”i Çempionlar Liqasından kənarlaşdırması Saviçin kefini duruldub.

Xatırladaq ki, Milandakı ilk oyunda 0:1 hesabı ilə məğlub olmuş “Atletiko” Madriddə İtaliya nəhənginə 2:1 hesabı ilə qalib gəlib, penaltilər silsiləsində isə 3:2 hesabı ilə peşman edərək, “neradzurri”ni İtaliyaya əliboş yola salıb.

Saviçin aqressiv davranışları və Markus Türamın onu xışladığı məqam əks edilmiş videoçarxı təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: