Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç “Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem haqda fikrini ifadə edib.
Arena.az serb mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Cud əla oğlandır. O, gələcəkdə “Qızıl top”u mütləq qazanacaq. Bellingem təsirli oynayır. Gənc olsa da, güclüdür, istedadı var və hər şeyi “Real”da göstərib. Bu, hər oyunda öz keyfiyyətlərini nümayiş etdirən həqiqətən heyrətamiz oyunçudur”, deyə Stoykoviç vurğulayıb.
Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Artıq geridə qalmış 2023/2024 mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 30 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Cud Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024) və UEFA Çempionlar Liqasının (2023/2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


