Əslən Mərakeşdən olan niderlandlı sol cinah vingeri Süleyman Alluş bundan sonra Azərbaycanın “Səbail” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Səbail” PFK daha bir oyunçunun keçidini rəsmiləşdirib. “Dənizçilər” son olaraq, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluşu heyətə qatıblar. Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.
22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub. O, bu ölkənin U-18 millisində də forma geyinib. Lakin sonralar Alluşun xidmətinə ehtiyac duyulmayıb. Süleyman Alluş “Venlo”ya qədər “Ayaks” və “Alkmar” klublarının futbol akademiyalarında oynayıb.
Xatırladaq ki, “Səbail” bu qış fasiləsində Alluşdan öncə Madi Keta və Ayub Masikanı da transfer etmişdi. Amil Yunanov isə “Kəpəz”ə icarəyə verilmişdi.


