Təmkin Xəlilzadə futzalı seçməsindən danışdı: “Müvəqqətiyəm”

Bu qış fasiləsi zamanı “Zirə” ilə yollarını ayıran Təmkin Xəlilzadə böyük futbolu müvəqqəti də olsa, futzala dəyişib. Arena.az xəbər verir ki, o, hazırda İkinci Liqada mübarizə aparan “Rəvan”ın formasını geyinir.

29 yaşlı futbolçu bununla əlaqədar Futzal Federasiyasının rəsmi saytına müsahibə verib:

  • Artıq futzal üzrə İkinci Liqada iki oyun keçirmisən. Yaşıl meydanı parketə dəyişməyin hansı çətinliklərini qeyd edərdin?
  • Əslində, futzala keçməmişəm. Qışda klubumdan ayrılandan ondan sonra başqa komanda ilə anlaşmadım. Klubsuz qaldığıma görə və formamı qorumaq üçün əsasən dostlarımın çıxış etdiyi “Rəvan”a qoşuldum. Əksəriyyəti ilə bir yerdə böyümüşük, uşaqlıq illərimiz bir yerdə keçib. Xahiş etmişdim ki, artıq çəki yığmamaq üçün sizə qoşulum, formamı qoruyum. Onlar da xahişimə müsabət cavab verdilər. Artıq iki oyunda iştirak etmişəm. Oyunlar, nəticə özüm üçün də maraqlıdır. Ancaq Təmkin “futbolla vidalaşdım, artıq futzalçı kimi çıxış edəcəm” deyə, qərar verməyib. Futzalı sonuncu dəfə 5-6 il əvvəl oynamışdım.
  • Formanı qorumaq üçün Yüksək və ya Birinci Liqada iştirak edən daha güclü komandalara üz tutmaq olmazdımı?
  • Futzal oynamaq fikrim olsaydı, Yüksək Liqa klublarına müraciət edərdim. Zatən “Neftçi”də də çoxlu dostlarım var, onlar da dedilər ki, gələrdin bizim komandaya. Burada müvəqqətiyəm. Futzalı futbolçu karyeramı bitirdikdən sonra seçəcəm. Onda daha güclü, iddialı komandada oynayacam.
  • Futbol klublarından dəvət almadığını dedin. İddialı komandalardan dəvət yox idi, yoxsa Premyer Liqa klublardan heç biri milli üzvünün xidmətində maraqlı olmadı?
  • 1-2 klubdan təklif var idi, amma şərtlərdə ortaq məxrəcə gələ bilmədik. Həm də təkliflər tam ciddi deyildi deyə, arxasınca düşmədim. Maraqlandılar, görüşdük, sonra qarşı tərəfdən xəbər gözlədim, amma cavab gəlmədi. Menecerlər ölkə xaricində oynamaqla bağlı varinatları da nəzərdən keçirdilər, təəssüf ki, alınmadı. Birində limitlə bağlı problem yarandı, digərində maliyyə çatışmazlığı oldu. Gözləməkdən başqa varinatımız yoxdur. Yayda vəziyyəti yenidən dəyərləndirəcəm.
  • Ola bilərmi, futzal millisində oynamaq təklifi gəlsin..
  • Milliyə canımız qurbandır. Bilsəm ki, daha böyük futbol oynamayacam, niyə olmasın?! Millinin formasını geyinmək hər kəs üçün fəxrdir, şərəfdir. Ancaq hələ ki, planlarım futbolla bağlıdır.
  • “Zirə”dən ayrılmağın gözlənilməz oldu…
  • Heç bir problem olmadı. Baş məşqçi Rəşad Sadıqovla söhbət etdik, vəziyyəti dəyərləndirdik və ayrılmaqla bağlı razılığa gəldik. Açığı, özüm də qalmaq istəmirdim. Hər şey qarşılıqlı razılıq əsasında oldu. “Zirə”dəki uşaqlarla tez-tez danışırıq. Hər şey qaydasındadır. Yeganə problem futbol oynamamağımla bağlıdır.

Xatırlatma

Təmkin Xəlilzadə 2021-ci ilin iyulunda “Sabah”dan ayrılaraq “Zirə”yə keçmişdi. O, 2015-ci ilin iyulundan 2018-ci ilin yanvarına qədər də sözügedən klubda forma geyinib. Milli üzvü “Zirə”də bütövlükdə 115 oyun keçirib, 9 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi. “Zirə” bu ilin avqustunda da baş məşqçi Rəşad Sadıqovun qərarı ilə Təmkini və İlkin Muradovu transferə çıxarmış və əvəzedici heyətə göndərmişdi. Lakin qısa müddət sonra o, bu iki oyunçunu bağışlamış və əsas komandaya qaytarmışdı.

Təmkin daha əvvəl “Sabah”, “Qarabağ”, AZAL və “Qəbələ”də çıxış edib. Xəlilzadə Azərbaycan yığmasında 25 oyuna çıxıb, 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: