Son günlərdə “Neftçi” ilə anlaşdığı barədə xəbərlər dolaşan “Sabah”ın yarımmüdafiəçisi Təmkin Xəlilzadə bu məsələyə aydınlıq gətirib.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 27 yaşlı futbolçu, sosial şəbəkə hesabında yaydığı paylaşımda “Neftçi” ilə razılığa gəldiyi barədə xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib:
“Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm”.
Qeyd edək ki, Təmkin Xəlilzadə ilə “Sabah” arasındakı müqavilənin müddəti bu mövsümün sonunda bitəcək.


