Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Təmkin Xəlilzadə “Zirə”dən ayrılıb. Arena.az xəbər verir ki, paytaxt klubu 29 yaşlı futbolçu ilə yollarını ayırmağa qərar verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Zirə” Təmkin Xəlilzadəyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Təmkin Xəlilzadə 2021-ci ilin iyulunda “Sabah”dan ayrılaraq “Zirə”yə keçmişdi. O, 2015-ci ilin iyulundan 2018-ci ilin yanvarına qədər də sözügedən klubda forma geyinib. Milli üzvü “Zirə”də bütövlükdə 115 oyun keçirib, 9 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi. “Zirə” bu ilin avqustunda da baş məşqçi Rəşad Sadıqovun qərarı ilə Təmkini və İlkin Muradovu transferə çıxarmış və əvəzedici heyətə göndərmişdi. Lakin qısa müddət sonra o, bu iki oyunçunu bağışlamış və əsas komandaya qaytarmışdı.
Təmkin daha əvvəl “Sabah”, “Qarabağ”, AZAL və “Qəbələ”də çıxış edib. Xəlilzadə Azərbaycan yığmasında 25 oyuna çıxıb, 3 qol vurub.


