Tahir Gözəl “Liverpul”la “Roma”nı arzulayır

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Sloveniya çempionu ilə ilk qarşılaşmadakı 2:0 hesablı qələbənin revanşında 1:1 hesablı heç-heçə sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Klub prezidenti Bakıdakı cavab görüşünü belə dəyərləndirib: “Avropada zəif, böyük klub anlayışı yoxdur. Ağır matç oldu. Amma “Qarabağ” səliqəli və təmkinli çıxış etdi. Nə çox risk etdi, nə də hədsiz müdafiə olundu. Qurban Qurbanov öz məharətini yenə gözəl şəkildə göstərdi. Buradan möhtəşəm qürur hissi ilə ayrılıram”.

Tahir Gözəl ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşməyin qürurunu yaşadığını söyləyib: “Heç nədən başladığımız marafonda bu axşam ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Bəzi ölkələrin komandaları yüksək reytinqə görə birbaşa qrupdan başlayırlar. Şərqi Avropada isə bu, tarixi nəticədir. Hətta birbaşa qrupdan başlayanlar da daxil olmaqla, “Qarabağ”ın bacardığını ümumilikdə 16 klub edə bilib. Bizdən fərqli olaraq, onların çoxu heç təsnifatda iştirak etməyiblər. Buna görə də tarixi gündür. Xalqımda bu həyəcanı, sevinci görməyin izahını vermək mümkün deyil”.

Ağdam klubunun rəhbəri Avroliqanın qrup mərhələsində qarşılaşa biləcəyi komandalar barədə də düşüncələrini bölüşüb: “Rəqiblərin kimliyindən asılı olmayaraq, komandama güvənirəm. Komandanın Avroliqanın qrupunda oynamağa hazır olduğunu düşünürəm. Artıq “Qarabağ”ın Azərbaycanın bir ruhu, parçası, canı olduğunu və bu klubu bütün dünya bilir. Qrupda hansı komandalarla düşməyimizdən asılı olmayaraq, onları bizimlə çətin oyunlar gözləyəcək. Ancaq nəticənin necə olacağını təxmin etmək çətindir. Qrup matçlarında “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”.

Tahir Gözəl transfer çalışmalarını davam etdirdiklərini də sözlərinə əlavə edib: “Qurbanovun əlində büdcə, imkanlar var. Transfer işinə baxır. Rəhbərlik tərəfindən bu məsələdə heç bir məhdudiyyət yoxdur. Biz həmişə axtarışdayıq”.

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqibləri sentyabrın 1-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Ağdam təmsilçisi 2-ci səbətdə yer alıb. Birinci səbətdən “Qarabağ”a rəqib ola biləcək güclü klublar arasında “Liverpul” və “Roma” ilə yanaşı, “Vest Hem”, “Vilyarreal”, “Bayer”, “Atalanta” və “Reyncers” də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: