“Qarabağ”ın prezidenti Tahir Gözəl Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandanın baş məşqçisini nüfuzlu mükafat alması münasibətilə təbrik edən Tahir Gözəl bununla bağlı fikirlərini də bölüşüb:
“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Artıq “Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.
Klub prezidenti “Qarabağ”la təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib: “Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.
Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə ədalətli oyun prinsiplərinə görə verilən ən nüfuzlu idman mükafatına layiq görülüb. 51 yaşlı mütəxəssisə oktyabrın 21-də “Jean Borotra World Fair Play Career” mükafatı təqdim olunub. O, mükafatı Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb.
Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb. “Qarabağ”ın baş məşqçisinin CİFP-in “Jean Borotra World Fair Play Career” və “Pierre de Coubertin World Trophy” mükafatlarına təqdimatı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) tərəfindən gerçəkləşib. Komitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu “Jean Borotra World Fair Play Career” mükafatına layiq görüb.
Qurbanov Avropa Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Olimpik” (Marsel) matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib. 2015-ci ildə “İnter”lə Premyer Liqa, üç il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.


