Tayler Boyd “Beşiktaş”dan ayrıldı

Futbol üzrə ABŞ yığmasının və “Beşiktaş”ın yarımmüdafiəçisi Tayler Boyd Türkiyə klubu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

TFF-nin rəsmi saytında amerikalı futbolçunun müqaviləsinin ləğv olunduğu göstərilib. Amma “Beşiktaş” bu ayrılıqla bağlı heç bir rəsmi açıqlama yaymayıb.

Tayler Boyd 2019-ci ilin iyul ayından “Beşiktaş”ın uğurları üçün çalışırdı. 27 yaşlı vinger İstanbul təmsilçisinin heyətində cəmi 35 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Boyd “Beşiktaş”da olarkən icarə əsasında “Sivasspor” və “Risəspor”un da formasını geyinib. Bu mövsüm isə o, “Beşiktaş”ın heyətində cəmi 45 dəqiqə meydanda olub. Amerikalı yarımmüdafiəçinin məhz az forma şansı qazandığı üçün “qara qartallar”la yollarını ayırdığı ehtimal olunur.

Xatırladaq ki, Boyd “Beşiktaş”dan öncə “Ankaragücü”, “Tondela”, “Vitoriya” (Gimaraynş), “Vellinqton Feniks”, “Uaykato” və “Melvill Yunayted” kimi klublarda da forma geyinib. O, ABŞ milli komandasında 10 oyuna çıxıb, 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: