Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdell Liberiya millisinə dəvət alıb. Arena.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Cənubi Afrika yığması ilə oyunlarda iştirak hüququ qazanıb. Liberiyalılar bu rəqiblə martın 24-də səfərdə, ayın 28-də isə evdə qarşılaşacaqlar.
Maraq üçün xatırladaq ki, bu oyunlar üçün Cənubi Afrika yığmasına da Azərbaycan Premyer Liqasından bir futbolçu çağırılıb. Bu, “Turan Tovuz”un müdafiəçisi Siyanda Xuludur.
Terrens Tisdell 2019-cu ildən Liberiya milli komandasında forma geyinir. O, millidə 13 oyun keçirib, 1 qola imza atıb. Yarımmüdafiəçi bu mövsümün əvvəlindən formasını geyindiyi “Sumqayıt”da 9 oyun keçirib, 1 qol vurub. Futbolçu “Hapoel” (Petah Tikva), “Kocaelispor”, “Botoşani”, “Baroka” və “Kosta do Sol” kimi klubların da formasını geyinib.


