Futbol üzrə Liberiya milli komandasının yarımmüdafiəçisi Terrens Tisdell bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş 24 yaşlı vingerlə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Onun sözləşməsi 2023-cü ilin yanvar ayından qüvvəyə minəcək.
Terrens Tisdell peşəkar karyerasına Liberiyanın “Breweries” klubunda başlayıb. Daha sonra o, ölkəsində “Fassell” və “Shipping Boys”un da uğurları üçün çalışıb. 2018-ci ildə Mozambikin “Kosta do Sol” klubunda legioner həyatı yaşayan futbolçu, ardından Portuqaliyada “Sanjoanense”nin formasını geyinib. Tisdell Cənubi Afrika Respublikasında “Baroka”, İsraildə “Hapoel” (Petah Tikva), Türkiyədə “Kocaelispor” kimi klublarda da çıxış edib. Bu ilin yanvarından “Botoşani”də çıxış edən yarımmüdafiəçi, sentyabrın 7-də Rumıniya klubundan ayrılandan bəri işsiz idi.
2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirmiş Tisdell 1 qol vurmağa da müvəffəq olub.


