Teymur Rəcəbov FİDE reytinqində yenidən “10-luğ”a qayıtdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən FİDE reytinqində ilk “10-luğ”a qayıdıb. Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) ötən gün yeni reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytında yerləşdirilən reytinq cədvəlində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 10-cu pillədə yer alıb. 36 yaşlı qrossmeysterimizin hesabında 2747 reytinq xalı var.

Azərbaycan milli komandasının digər qrossmeysteri Şəhriyar Məmmədyarov isə 2738 xalla 15-ci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2472 xalla 22-ci pillədə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədir.

Qadınların reytinqinə çinli Xou Yifan (2628) başçılıq edir. Hindistandan olan Hampi Koneru (2576) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2576) üçüncüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: