Tofiq Musayev: “Tamamilə Bakıdakı döyüşə köklənmişik”

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Tofiq Musayev bu il UFC-nin Bakı keçirəcəyi turnirdə iştirak edəcək.

Arena.az xəbər verir ki, turnirdə üçüncü Azərbaycan təmsilçisi olan Tofiqin rəqibi də bəllidir.

35 yaşlı idmançımız iyunun 21-də Mıqtıbek Orolbay ilə qarşılaşacaq.

Tofiq Musayev UFC-də debütü öncəsi “Qəbələ” klubunun rəsmi saytına müsahibə verib. O, döyüşə hazırlıq və hədəfi barəsində fikirlərini açıqlayıb:

  • Bakıda keçiriləcək UFC döyüş gecəsinə hazırlıq necə keçir?
  • Döyüşə Tailandda hazırlaşıram. Hazırlıq prosesi qaydasında gedir. Bütün məşqlər plana uyğun, istədiyimiz şəkildə keçir.
  • UFC-də ilk rəqibiniz qırğızıstanlı Mıqtıbek Orolbay olacaq. Bu döyüşdən nə gözləyirsiz?
  • UFC-də asan rəqib olmur. Burada dünyanın ən güclü döyüşçüləri iştirak edir. Özümə inanıram. Döyüşə qalib gəlmək üçün çıxacağam. Qələbə bizimlə olacaq.
  • Bu qarşılaşma Bakıda baş tutacaq. Döyüşün ölkəmizdə keçirilməsini necə qarşılayırsız?
  • Təbii ki, UFC-nin Bakıda keçirilməsi məni sevindirim. Özüm də vətəndə doğma azarkeşlər önündə döyüşəcəm. Buna görə çox şadam. Onların dəstəyi altında döyüşmək imkanı qazanacam. Bu, böyük stimuldur.
  • Dünyanın ən nüfuzlu döyüş təşkilatında debüt edəcəksiz…
  • İlk dəfə UFC-də iştirak edəcəm. Dörd döyüşlük müqavilə imzalamışam. Bu, mənim üçün böyük uğurdur. MDB və ABŞ-ın bir çox təşkilatlarında döyüşmüşəm. Hər bir döyüşçü kimi mənim də arzum UFC-yə qatılmaq olub.
  • Özünüzü bu arzuya çatmış sayırsız?
  • UFC yarımçıq qalan arzularımdan biri idi. Sevinirəm ki, bu təşkilatla da müqavilə imzaladım. Arzuma tam çatmaq üçün qalib gəlməli və Azərbaycanı layiqincə təmsil etməliyəm.
  • Bu döyüşdən sonrakı planlara aydınlıq gəlib?
  • Bu barədə danışmaq tezdir. Tamamilə Bakıdakı döyüşə köklənmişik. Qarşıdakı planlar barədə bu turnirdən sonra düşünəcəyik.
Xəbəri sosial şəbəkələrdə paylaş: