İngiltərənin “Brentford” komandasının baş məşqçisi Tomas Frank Premyer Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb. Danimarkadan olan 49 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Tomas Frank 2018-ci ilin oktyabr ayından “Brentford”a rəhbərlik edir. Sözügedən komanda 2020/21 mövsümündə məhz bu məşqçinin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanmışdı. O, İngiltərə təmsilçisini bütövlükdə 208 matça çıxarıb. “Brentford” bu görüşlərdə 93 qələbə qazanıb, 50 heç-heçə edib və 65 məğlubiyyətə üzülüb.
Danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında da Danimarkanın “Brondbü” komandasını çalışdırıb.
“Brentford” bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyuna topladığı 19 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


