Tomas Frank “Tottenhem”dən qovuldu

Danimarkalı futbol mütəxəssisi Tomas Frank İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Frankın istefasına komandanın son oyunlarındakı uğursuz nəticələr səbəb olub. Londonlular son 5 matçdan yalnız birində qələbə qazanıblar. Komanda hazırda Premyer Liqada 26 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xatırladaq ki, Tomas Frank 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb.

52 yaşlı danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında Danimarkanın “Brondbü” komandasını çalışdırıb. “Tottenhem”dən öncə isə Frank İngiltərənin “Brentford” komandasına rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: