Tonio Tekliç və Göktan Gürpüz “Trabzonspor”da – Rəsmi

Türkiyənin “Trabzonspor” klubu heyətini iki yeni futbolçu – yarımmüdafiəçilər Tonio Tekliç və Göktan Gürpüzlə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xorvatiyanın “Varajdin” klubundan transfer olunmuş Tonio Tekliç yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 23 yaşlı xorvat futbolçunun transferi trabzonlulara 1 milyon avroya başa gəlib. Yarımmüdafiəçi özü qarşıdakı mövsümdə 600 min, 2024/2025 mövsümündə 700 min, 2025/2026 mövsümündə isə 800 min avro maaş alacaq.

Tekliç Xorvatiyanın “Hayduk” klubunun yetirməsidir. O, 2020-ci ildə “Varajdin”də, 2021-ci ildə isə “Hrvatski Draqovolyaç”da icarədə olub. “Varajdin” 2021/2022 mövsümündə yenidən icarəyə götürdüyü bu futbolçunun ötən ilin yayında transfer hüquqlarını da almışdı. Tonio Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

Göktan Gürpüz isə Dortmund “Borussiya”sından transfer olunub. 20 yaşlı futbolçu Türkiyə klubu ilə 3+2 illik müqavilə bağlayıb. Trabzon klubu onu azad agent kimi heyətinə cəlb edib. Futbolçu özü 2023/2024 mövsümündə 7 milyon, 2024/2025 mövsümündə 8.8 milyon, 2025/2026 mövsümündə isə 11 milyon TL maaş alacaq.

Gürpüz “Borussiya”nın yetirməsi olsa da, bu klubun əsas komandasında forma geyinə bilməyib. O, Türkiyənin U-16 və U-21, Almaniyanın U-19 yığmalarında oynayıb.

“Trabzonspor” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Mərakeşli sağ cinah vingeri Montasser Lahtimi ölkəsinə qayıdıb. 22 yaşlı futbolçu icarə əsasında “Vidad” klubuna keçib. Mərakeş klubu onu satınalma şərti ilə bir illik icarəyə götürüb. “Trabzonspor”a ötən ilin avqustunda Mərakeşin digər klubu “Rabat”dan gəlmiş Lahtimi, Türkiyə klubunda cəmi 10 matça çıxıb. “Trabzonspor” 600 min avroya transfer etdiyi Lahtiminin bir illik icarəsindən 100 min avro qazanacaq. Onun birdəfəlik satışı isə Türkiyə klubuna əlavə 700 min avro qazandıracaq.

Dorukhan Toköz və Endryu Qravillon “Adana Dəmirspor”da!

“Trabzonspor”un digər yarımmüdafiəçisi Dorukhan Toköz isə “Adana Dəmirspor”a keçib. 27 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. Onun Trabzon klubu ilə 1 illik müqaviləsi qalırdı. Amma tərəflər sözləşməni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

Dorukhan Toköz Trabzon klubuna 2021-ci ildə “Beşiktaş”dan azad agent kimi keçmişdi. O, bu komandada iki mövsüm ərzində 41 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Beşiktaş” və “Əskişəhərspor”da oynayıb. O, Türkiyə millisində də 14 oyuna çıxıb, 1 qola imza atıb.

Yeri gəlmişkən, “Adana Dəmirspor” Fransanın “Reyms” klubunun mərkəz müdafiəçisi Endryu Qravillonu da heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qvadelupa yığmasının da üzvü olan futbolçu “Reyms”dən öncə “Peskara”, “Askoli”, “Loryan”, “Torino”, “Benevento” və “Sassuolo” kimi klubların da formasını geyinib.

“Adana Dəmirspor” Fil Dişi Sahili yığmasının üzvü olan mərkəz müdafiəçisi Simon Deli ilə də yollarını ayırıb. 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ölkəsinin millisində 14 oyun keçirmiş təcrübəli oyunçu 2021-ci ildən formasını geyindiyi Adana klubunda da cəmi 19 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Slaviya” (Praqa), “Brügge”, “Dinamo” (Çeske Budeyoviçe), “İstanbulspor”, “Pribram” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: