Toral Bayramov “Mardin 1969”a qarşı oynamadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov “Bursaspor”un bu gün “Mardin 1969” komandasına qarşı keçirdiyi matçı buraxıb.

Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turu çərçivəsində “Mardin 1969” ilə qarşılaşıb.

Sözügedən komanda bu rəqiblə evdə üz-üzə gəlib. Oyun “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Toral matçın sonadək ehtiyatda qalıb.

“Bursaspor” hazırda 19 xalla ikinci pillədə qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 9 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 46 oyunda 5 qola imza atıb, 6 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: