“Trabzonspor” “Beşiktaş”ın futbolçusu ilə gücləndi

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Trabzon klubu Super Liqanın digər təmsilçisi “Beşiktaş”dan Dorukhan Toközü transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. “Beşiktaş”la müqaviləsinin müddəti bu yay başa çatan futbolçu, Trabzon təmsilçisinə azad agent kimi keçib.

Dorukhan yeni klubunda ilinə 9 milyon TL qazanacaq. Bundan başqa, futbolçuya hər mövsüm üçün 7 milyon TL imza pulu da ödəniləcək. 2024/25 mövsümündə də bu klubda qalacağı halda onun qazancı azı 20 milyon TL olacaq – 10 milyon TL maaş + 10 milyon TL imza pulu.

Qeyd edək ki, Dorukhan Toköz peşəkar karyerasına “Əskişəhərspor”da başlayıb. Türkiyə millisinə də dəvət alan futbolçu, 2018-ci ildən “Beşiktaş”da forma geyinirdi.

“Trabzonspor” bu yay Dorukhandan öncə Bruno Peres, Jervinyo, Marek Hamşik, Fode Koyta və İsmail Köybaşını da transfer etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: