Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Rizəspor”da çıxış etmiş sol cinah müdafiəçisi İsmail Köybaşını transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Köybaşı yeni komandasında ilinə 5 milyon TL qazanacaq. Üstəlik, “Trabzonspor” ona azad agent kimi transfer olunduğu üçün hər mövsüm 1 milyon TL imza pulu ödəyəcək. Əlavə 1 illik müqavilə qüvvəyə minsə, futbolçu üçüncü mövsümündə 5.5 milyon TL qazanacaq.
İsmail Köybaşı “Qaziantepspor” klubunun yetirməsidir. Müdafiəçi 2009-2016-cı illərdə “Beşiktaş”da çıxış edib. 2016-2019-cu illərdə isə o, İstanbulun digər təmsilçisi “Fənərbaxça”nın uğurları üçün çalışıb. 2019-cu ildə İspaniyanın “Qranada” komandasına üz tutan futbolçunun La Liqa karyerası uğursuz alınıb. O, ötən mövsümün əvvəlində keçdiyi “Rizəspor”da 20 oyun keçirib, 3 qol vurub. Türkiyə millisində də oynamış futbolçu, 23 oyuna çıxıb.


