“Trabzonspor” bir yerli, dörd legioner futbolçu transfer etdi

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu 2024/2025 mövsümü ərəfəsində 5 yeni futbolçu ilə anlaşdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Trabzon klubu Ozan Tufan, Denis Draqus, Con Landstrem, Borna Barişiç və Antoni Nvakaeme ilə razılıq əldə olunub. Bütün futbolçular azad agent kimi Trabzon təmsilçisinə keçiblər. Amma onlarla müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Antoni Nvakaeme 2018-ci ilin avqust ayından 2022-ci ilin avqustuna qədər məhz “Trabzonspor”un formasını geyinib. 35 yaşlı futbolçu bu komandanın heyətində 4 mövsüm ərzində 145 oyuna çıxıb, 47 qola imza atıb, 40 məhsuldar ötürmə müəllifi olub. Nvakaeme trabzonlularla həm Türkiyə çempionu olub (2021/2022), həm Türkiyə Kubokunu qazanıb (2019/2020), həm də Türkiyə Super Kubokunda zəfər yaşayıb (2020/2021).

Nvakaeme 2022-ci ilin avqustunda “Trabzonspor”u azad agent kimi tərk edərək Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubuna keçmişdi. Nigeriyalı vinger karyerası ərzində “Hapoel” (Beer Şeva), “Universitatya” (Kluj), “Arieşul” (Turda), “Petrolul”, “Hapoel” (Ra Anana) kimi klubların da formasını geyinib. Nvakaeme Nigeriya yığmasında cəmi 1 oyun keçirib.

Mərkəz yarımmüdafiəçisi olan Ozan Tufan son olaraq İngiltərənin “Hall Siti” klubunda çıxış edib. 29 yaşlı futbolçu daha öncə “Uotford”, “Fənərbaxça”, “Bursaspor”, “Alanyaspor “kimi klubların da formasını geyinib, Türkiyə millisində 65 oyuna 9 qola imza atıb.

Dayaq yarımmüdafiəçisi olan Con Landstrem son olaraq Şotlandiya “Reyncers”ində çıxış edib. 30 yaşlı ingilis futbolçu “Şeffild Yunayted”, “Bləkpul”, “Yovil Taun”, “Donkaster”, “Leyton Orient”, “Skantorp Yunayted” kimi klubların da formasını geyinib, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Rumıniya millisinin də üzvü olan, hücumçu Denis Draquşun son klubu “Qaziantep” olub. 24 yaşlı futbolçu “Standard” (Lyej), “Vitorul”, “Krotone”, “Cenoa”, “Farul” kimi klubların da formasını geyinib.

Xorvatiyalı müdafiəçi Borna Barişiç də “Trabzonspor”a “Reyncers”dən azad agent kimi keçib. 31 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində Zaqreb “Dinamo”su, “Osiyek”, “Lokomotiva” kimi klubların da uğurları üçün çalışıb. O, Xorvatiya millisində də 35 oyuna çıxıb, 1 qol vurub.