Yarımmüdafiəçi Flavio Medeyros və müdafiəçi Taha Altıkardeş Türkiyənin “Trabzonspor” klubundan ayrılıblar.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Flavio Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubuna icarəyə verilib. Braziliyadan olan 27 yaşlı mərkəz yarımmüdafiəçisi 2024-cü ilin 30 iyununa kimi bu komandada icarədə olacaq. Ərəblər bir illik icarə üçün Trabzon klubuna 200 min ABŞ dolları ödəyəcəklər.
Flavio Medeyros 2020-ci ilin yayında “Bahia”dan 1.20 milyon avro qarşılığında Trabzon təmsilçisinə keçsə də, bu komandada 33 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə “Girəsunspor”da da icarədə olmuş futbol,u ötən mövsümü də icarə əsasında məhz “Əl-Taavun”da keçirib. Braziliyalı futbolçu “Bahia”dan başqa “Santo Andre”, “Vitoriya” və “Ferroviariya”da da forma geyinib.
Taha Altıkardeş isə “Göztəpə”yə transfer olunub. Trabzon klubu bu transferə görə heç bir gəlir əldə etməyib. Amma 19 yaşlı futbolçunun gələcəkdəki mümkün satışından əldə olunacaq gəlirin 20 faizi trabzonlulara ödəniləcək. Taha “Göztəpə” ilə 3+1 illik müqavilə bağlayıb.
Taha Altıkardeş 2022-ci ilin yanvarında 1,19 milyon avro qarşılığında Trabzon klubuna gəlsə də, bu komandada cəmi 3 matça çıxıb. “Bursaspor”un yetirməsi olan mərkəz müdafiəçisi Türkiyənin gənclərdən ibarət yığmalarında da oynayıb.
Yeri gəlmişkən, “Trabzonspor” öz yetirməsi olan iki futbolçusu – Abdurrahman Bayram və Salih Malkoçoğlu ilə də yeni və peşəkar müqavilə imzalandığını açıqlayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb. Onlar əsas komandanın qarşıdakı mövsümə hazırlıq prosesinə cəlb olunublar.


