“Trabzonspor” TFF rəhbərliyini istefaya çağırdı

“Trabzonspor” Türkiyə Futbol Federasiyasının bu klubla bağlı son qərarlarına etiraz əlaməti olaraq, TFF rəhbərliyini istefaya çağırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Paylaşımda deyilir:

“Fənərbaxça” ilə oyunumuzdan sonra baş verən və təkcə “Trabzonspor”u deyil, linç mədəniyyəti ilə bütün bir şəhəri batırmağa çalışan proses, bu gündən etibarən tərif etməkdə çətinlik çəkdiyimiz bir məkana çevrildi.

Türkiyə Futbol Federasiyasının elan etdiyi cəzalar nə qanuni, nə ağlabatan, nə də əxlaqlıdır. TFF prezidenti Mehmet Büyükekşi və onun komandası bu gün açıqladıqları cəzalarla ölkəmizdə yeni xaosa səbəb oldu.

“Trabzonspor” olaraq nə TFF prezidentinə, nə onun səriştəsiz komandasına, nə də müəyyən maraq qruplarının nəzarətində olan hakimlərinə zərrə qədər inamımız qalmayıb. Təəssüf ki, indiki məqamda öz işlərini görən xeyirxah insanlar da ya bu alçaq nizamın bir parçası olublar, ya da susub oturacaqları üçün narahat olublar.

Türkiyə Futbol Federasiyası mövsümün əvvəlindən davam etdirdiyi teatrda bu gün yeni pərdə açıb. Bir daha bunu ən açıq şəkildə bildiririk… Biz bu prosesin bir parçası olmamışıq, olmarıq və olmayacağıq da!

TFF prezidenti Mehmet Büyükekşi və yaxın adamları millətimizin üzünə baxaraq milyonlarla vətəndaşımızın futbol sevgisini məhv etdilər, cəmiyyətin ortasına nifaq toxumu səpdilər və bu gündən etibarən nəzarəti tamamilə itirdilər.

Türkiyə futbolunun bu dərin komadan çıxmasının yeganə yolu məsul vəzifələrdə çalışan hər kəsin, ilk növbədə TFF prezidentinin istisnasız olaraq istefa verməsidir. Bu gün bu addımlar atılmazsa, Türkiyə futbolunun gələcəyi bu qəsbkar komanda tərəfindən məhv ediləcək.

Şanlı “Trabzonspor”un və milyonlarla sadiq azarkeşimizin haqqını bu gün açıqlanan qərarda əməyi olanlara heç vaxt bağışlamırıq!”

Xatırladaq ki, TFF “Trabzonspor”a 6 ev oyununda azarkeşsiz oynamaq cəzası verib. Buna trabzonlu azarkeşlərin Super Liqanın 30-cu turunda “Fənərbaxça” ilə ev oyunundan sonra meydana axışaraq rəqib futbolçulara hücum etməsi səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: