“Səbail” sol cinah müdafiəçisi Turan Manafov ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilə bu yay başa çatırdı.
Həm “Neftçi”, həm də “Qarabağ”ın yetirməsi olan Turan Manafov peşəkar karyerasına “Sumqayıt”da başlayıb. O, “Zaqatala”da da forma geyinib. Müdafiəçi 2019-cu ildən “Səbail”də çıxış edir. Azərbaycanın U-21 yığmasının sabiq üzvü bu ilin əvvəlində Yunanıstanın “Olimpiakos” (Volos) komandasına icarəyə verilsə də, legioner karyerası uğursuz alınıb. Bu üzdən də o, yenidən “Səbail”ə qayıtmaq məcburiyyətində qalmışdı.


