Turan Manafov Slovakiya klubunda?

“Araz-Naxçıvan”ın bu yay yollarını ayırdığı sol cinah müdafiəçisi Turan Manafov karyerasını Slovakiyada davam etdirə bilər.

Arena.az saytının əldə etdiyi məlumata görə, Trnava “Spartak”ı 25 yaşlı azərbaycanlı futbolçu ilə maraqlanır.

Bununla bağlı menecerlər vasitəsilə danışıqlar baş tutsa da, transferin gerçəkləşib-gerçəkləşməyəcəyi hələ məlum deyil.

Yerli klublardan da Manafovla yaxından maraqlananlar var. Belə ki, “Turan Tovuz”la “Şamaxı” bu müdafiəçini heyətində görmək istəyir. Turanın yekun seçiminin necə olacağı yaxın zamanda bəlli olacaq.

Xatırladaq ki, Turan Manafov 2023-cü ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edirdi. Müdafiəçi geridə qalmış 2023/2024 mövsümündə Naxçıvan klubunun heyətində 36 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Manafov “Araz-Naxçıvan”dan öncə “Səbail”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib. Müdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.