Turan Manafov Sumqayıtda mükafatlandırıldı

“Kəpəz”in müdafiəçisi Turan Manafov Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində mükafatlandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçunun Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la oyunda (5:2) vurduğu qol yanvar ayının ən yaxşısı elan edilib. Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat bu gün keçirilmiş 26-cı turun “Sumqayıt” – “Kəpəz” oyunundan əvvəl təqdim edilib.

Xatırladaq k, ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş müdafiəçi o vaxt da iki dəfə “Ayın qolu” layihəsinin qalibi olmuşdu. Bir sözlə, bu, Turan Manafovun karyerasında üçüncü belə mükafatdır.

“Kəpəz” Turan Manafovu 2024-cü ilin sentyabr ayında azad agent kimi heyətinə qatıb. 26 yaşlı futbolçunun Gəncə klubu ilə cari mövsümün sonuna qədər – 2025-ci ilin 30 iyununadək müqaviləsi var.

Xatırladaq ki, Turan “Kəpəz”in heyətində indiyə qədər 22 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Turan Manafov daha öncə “Araz-Naxçıvan”, “Səbail”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib. Müdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: