“Turan Tovuz” heyətinə daha bir legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Siyanda Xulu peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlayıb. Afrikalı futbolçu daha sonra Rusiyada “Rostov”un formasını geyinib. “Kayzer Çifs” və “Maritzburq Yunayted”də də oynamış mərkəz müdafiəçisi son olaraq İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub. Xulu Cənubi Afrika Respublikasının əsas millisində 9 oyuna çıxıb və 1 qol vurub.
“Turan Tovuz” daha öncə İmeda Aşortiya, Piruzi Marakvelidze və Natan Oduva, Ben Aziz Dao və Runi Eva kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Cavid Tağıyev, Vüsal Məsimov və Sadiq Quliyev transfer olunub. Həmçinin Veysəl Rzayev, Şakir Seyidov və Nazim Həsənzadə “Sabah”dan, Turan Vəlizadə ilə Xəyal Nəcəfov “Neftçi”dən icarəyə götürülüb. Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla isə yeni müqavilə imzalanıb.


