U-19: İspaniya Avropa çempionu oldu

İspaniya və Fransa yığmalarının qarşılaşdığı 19 yaşadək yeniyetmə futbolçuların (U-19) Avropa çempionatının final oyunu başa çatıb.

Arena.az məlumat verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastın “Uindzor Park” stadionunda keçirilmiş oyun “qırmızı qəzəb”in “xoruzlar” üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 41-ci dəqiqəsində İspaniya yığmasının hücumçusu İker Bravo hesabı açıb – 1:0. 68-ci dəqiqədə isə Fransa yığmasının yarımmüdafiəçisi Jeremi Jak topu uğursuzcasına öz qapısına göndərib – 2:0.

Bu, İspaniya yığmasının U-19 Avropa çempionatında 12-ci uğurudur. “Qırmızı qəzəb” bu qalibiyyətlə buna qədər şərkili rekorda (11 qalibiyyət) sahib olduğu İngiltərə yığmasını üstələyib. İspaniya yığmasının hesabında həmçinin 4 gümüş, 6 bürünc medal və 6 fəxri dördüncülük var. Ümumilikdə İspaniya yığması U-19 Avropa çempionatı tarixində 29 medal qazanıb ki, bu da öz növbəsində mütləq rekorddur.

Xatırladaq ki, buna qədər, böyük futbolda İspaniya yığması Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında zəfər əldə etmişdi. “Qırmızı qəzəb” həlledici oyunda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, 4-cü dəfə Avropa çempionluğunu qazanmış və bu nailliyəti ilə mütləq rekord müəyyənləşdirmişdi.