19 yaşadək futzalçılardan ibarət milli komandalar (U-19) arasında Avropa çempionatının (AÇ-2027) püşatma mərasiminin vaxtı bəlli olub.
Arena.az xəbər verir ki, final mərhələsi 2027-ci ildə Qazaxıstanda təşkil ediləcək qitə birinciliyinin püşkatma mərasimi oktyabrın 2-də baş tutacaq. Tədbirə Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.
Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər. Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.
Hazırda reytin cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaq. Mini-turnirlərə evsahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır. Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq.
Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki “Jekpe-Jek Hall”da keçiriləcək. Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupuna aid millisi qoşulacaq.
1-ci səbət (ev sahibi)
Portuqaliya (qrupunun 1-cisi)
Sloveniya (qrupunun 1-cisi)
İtaliya (qrupunun 1-cisi)
Xorvatiya (qrupunun 2-cisi)
Türkiyə (qrupunun 2-cisi)
Moldova (qrupunun 4-cüsü)
Rumıniya (qrupunun 4-cüsü)
2-ci səbət (qrupunun 1-cisi)
İspaniya
Ukrayna
Fransa
Çexiya
3-cü səbət (qrupunun 2-cisi)
Macarıstan
Polşa
Belçika
Serbiya
Bosniya və Herseqovina
4-cü səbət (qrupunun 3-cüsü)
Finlandiya
Latviya
Belarus
Yunanıstan
Niderland
Slovakiya
İngiltərə
5-ci səbət (qrupunun 4-cüsü)
AZƏRBAYCAN
Monteneqro
İlkin mərhələ, A qrupunun qalibi
İlkin mərhələ, B qrupunun qalibi
İlkin mərhələ, C qrupunun qalibi


