19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyuna çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer almış millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Əlverişsiz hava şəraiti və “Mladost” stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınmış görüş Qoran Pandev Məşq Kompleksində təşkil olunub. Oyun Şimali Makedoniya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 35-ci dəqiqədə Mədinə Curuqova vurub.
Xatırladaq ki, U-19 millimiz qrupda son matçını dekabrın 1-də Gürcüstan yığma komandasına qarşı keçirəcək. 2 turdan sonra Sloveniya və Şimali Makedoniya yığmalarının 6 xalı var. Millimizlə Gürcüstan yığmasının isə xalı yoxdur.


