Bu gün futbol üzrə UEFA Gənclər Liqasında 2026/2027-ci illər mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçisi “Qarabağ”ın U-19 komandasının da rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi bu turnirə ikinci mərhələdən start veriləcək. Ağdam komandası bu raundda Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə üz-üzə gələcək. İlk oyun evdə, cavab görüşü səfərdə keçiriləcək.
UEFA Gənclər Liqasında ikinci mərhələnin ilk görüşləri oktyabrın 28-də keçiriləcək. Cavab matçları isə noyabrın 4-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycanı Gənclər Liqasında “Sabah”ın U-19 komandası da təmsil edəcək. Amma Ağdam klubundan fərqli olaraq, paytaxt təmsilçisinin gənclərdən ibarət kollektivi bu turnirin Liqa mərhələsində mübarizə aparacaq. Bakı təmsilçisi bu turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”ın (İspaniya) gənclərdən ibarət kollektivləri ilə qarşılaşacaq.


