Serbiya Futbol İttifaqı (FSS) UEFA Millətlər Liqasının oyunlarında azarkeşlərinin yolverilməz davranışına görə cəzalandırılıb.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
UEFA Serbiya yığmasının İsveçrə (15 noyabr) və Danimarka (18 noyabr) yığmaları ilə oyunlarında serb azarkeşlərin davaranışında pozuntular müəyyən edib.
İsveçrənin Sürix şəhərində keçirilmiş oyun zamanı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, meydana əşyalar atıb, idmana yaraşmayan lövhələr ucaldıb, “irqçi və/yaxud ayrı-seçkilik davranışı” nümayiş etdirib, stadiona və obyektlərə ziyan vurublar.
Həmçinin İsveçrədə keçirilmiş oyun zamanı serb azarkeşlər Albaniya bayrağını yandırmağa cəhd ediblər. Serbiyanın Danimarka yığması ilə oyunu zamanı “irqçi və/yaxud ayrı-seçkilik davranışı” və pirotexniki vasitələrdən istifadə halları aşkarlanıb.
Serbiya Futbol İttifaqı ümumilikdə 173 min avro məbləğində cərimələnib. Həmçinin Serbiya yığması növbəti ev oyunu qismən bağlı tribunalar qarşısında, iki səfər oyunu isə serb azarkeşlərsiz keçirməli olacaq.


