Kiprin Limasol şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair qərarlar qəbul edilib.
Arena.az məlumat verir ki, bu gün baş tutan iclasda qarşıdakı turnirlərin ev sahibinin müəyyən edilməsi gündəliyin əsas mövzusu olub.
İcraiyyə Komitəsi bu xüsusda aşağıdakı qərarları qəbul edib:
Polşanın paytaxtı Varşavadakı Milli Stadionu 2024-cü ilin avqustun 14-də keçiriləcək UEFA Super Kubokunun ev sahibi kimi təyin edib.
İclasda həmçinin gənclər arasında turnirlərin final mərhələlərinə ev sahibliyi edəcək məkanlar müəyyənləşib:
17 yaşadək qadınlar arasında Avropa çempionatları 2026-cı ildə Şimali İrlandiyada, 2027-ci ildə Finlandiyada keçiriləcək.
17 yaşadək futbolçular arasında Avropa çempionatları 2025-ci ildə Albaniyada, 2026-cı ildə Estoniyada, 2027-ci ildə isə Latviyada keçiriləcək.
19 yaşadək qadınlar arasında Avropa çempionatları 2026-cı ildə Bosniya və Hersoqovinada, 2027-ci ildə Macarıstanda keçiriləcək.
19 yaşadək futbolçular arasında Avropa çempionatları 2026-cı ildə Uelsdə, 2027-ci ildə İsraildə keçiriləcək.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası oktyabrın 10-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Qarşıdakı iclas zamanı gündəlikdəki əsas məsələ AÇ-2028 və AÇ-2032 turnirlərinin ev sahiblərini müəyyənləşdirmək olacaq.


