Uesli Sneyder: “Uşaqlıqda “Real”ın azarkeşi idim”

Futbol üzrə Niderland yığmasının sabiq yarımmüdafiəçisi Uesli Sneyder uşaqlıqda hansı kluba azarkeşlik etdiyini açıqlayıb.

Arena.az Sneyderin bu barədə açıqlamasını təqdim edir:

“Uşaqlıqda “Real”ın azarkeşi idim. Küçədə Raulun köynəyində oynayırdım, sonra birlikdə də oynadıq. Bu, inanılmazdır. O, dünyanın ən yaxşı hücumçusu idi. Bütün ailəm “Real” azarkeşidir. Atam UEFA Çempionlar Liqasının son finalında çox əsəbi idi. Mən isə ona asan olmasa da, asanlıqla qalib gələcəyimizi dedim”.

Sneyder müasir futbolda ən çox bəyəndiyi futbolçunun adını da açıqlayıb: “Ən çox bəyəndiyim oyunçumu? Müasir futbolda “10 nömrə” yoxdur, amma Luka Modriç öz mövqeyində dünyanın ən yaxşısı olmaq görüşünə və istedadına malikdir”, deyə Snyder bildirib.

Xatırladaq ki, Uesli Sneyder 2007-ci ilin avqustundan 2009-cu ilin avqustuna kimi “Real”da çıxış edib. Hazırda 39 yaşı olan veteran futbolçu vaxtilə Madrid təmsilçisinin heyətində 66 oyuna çıxıb, 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2007/2008 mövsümündə “Real”la həm İspaniya çempionu olub, həm də İspaniya Super Kubokunu qazanıb.

Sneyder karyerası ərzində “Ayaks”, “Qalatasaray”, “İnter”, “Əl-Qarafa” və “Nitsa” kimi klubların da formasını geyinib. Keçmiş yarımmüdafiəçi Niderland milli komandasında da 135 oyun keçirib, 31 qola imza atıb, 32 məhsuldar ötürmə müəllifi olub.

Uesli Sneyderin peşəkar futboldakı sonuncu komandası Qətər təmsilçisi “Əl-Qarafa” olub. O, 2019-cu ilin avqust ayında bu klubdan ayrılmaqla peşəkar karyerasını yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: