37 yaşlı ingilis mütəxəssis Ueyn Runi tərəflərin qarşılıqlı razılığı əsasında “Di Si Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib.
Arena.az bu barədə ABŞ klubunun rəsmi saytına istinadən məlumat verir:
“Biz Ueynlə söhbətləşdik və belə qənaətə gəldik ki, indi ayrılmağımız daha yaxşı olar. Biz ona klubumuz və ölkənin paytaxtında futbol üçün etdiyi hər şeyə görə minnətdarıq – əvvəlcə “Di Si Yunayted”in oyunçusu və kapitanı, daha sonra isə məşqçimiz qismində. O, “Di Si Yunayted” ailəsinin vacib bir hissəsi və dəyərli dost olaraq qalır”, deyə klubun baş direktoru Ceyson Levin Runinin gedişini şərh edib.
Xatırladaq ki, Ueyn Runi 12 iyul 2022-ci ildə “Di Si Yunayted”in baş məşqçisi vəzifəsinə təyin edilmişdi. O, bu müddətdə MLS təmsilçisini 53 oyuna çıxarıb. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 13 heç-heçə edib, 26 oyunda isə məğlubiyyətə üzülüb.
Runi “Di Si Yunayted”dən əvvəl İngiltərədə “Derbi Kaunti”yə rəhbərlik edib.


